Gümrü qızı dastanı (1895 - 1900) - Müəllif: Aşıq Heydər

Bu yazı Hasan ERYILMAZ tarafından 23.03.2021 tarih ve 11:22 saatinde Hikayeler kategorisine yazıldı. Gümrü qızı dastanı (1895 - 1900) - Müəllif: Aşıq Heydər

makale içerik

Gümrü şəhərinin çiçəklənən dövrləri idi. Ədalətli Gümrü sərdarı ölkədə qayda-qanunu bərpa etmiş və özbaşınalığa son qoyulmuşdu. Daha yolları kəsib xərac almaq, oğurluq, soyğunçuluq, demək olar ki, yaddan çıxmışdı.
Sərdarın ölkəsində ədalət hökm sürdüyündən qeyri millətlər də bu torpaqlara pənah gətirirdi. Burada hamı şən və firavan yaşayıb, həyatlarını davam etdirirdilər.
Günlərin birində sərdar qəflətən dünyasını dəyişdi. Ölkə hələ yasdan çıxmamışdı, sərdarlıq məqamına çatmaq üstündə ağalar və bəylər arasında dava qızışmağa başladı.
Bu vəziyyətdən istifadə edən müxənnət qonşular kəndləri, mahalları talan edib, viran qoyurdular. Hər yerdə qətllər törədilir, günahsız adamların qanı axıdılırdı. Bu bəs etməmiş kimi qaxtaganlar mahallara öz əskəri ordularını yerləşdirməyə başladılar. Elə bununla da mahallarda yadellilərə qarşı qiyamlar baş qaldırırdı. Amma əli yalın camaat yağıların ordularına heç nə edə bilmirdilər.
Bu özbaşınalığa son qoymaq məqsədilə mərd və igid oğullar, qaçaq dəstələr şəklində dağlara çəkilərək yağılara qan uddurmağa başladılar. Köməyə Urmiyadan, Xoydan və Təbrizdən də gələnlər var idi. Təbrizli Yetim Kərim bu dəstələri birləşdirib bir qoşun eylədi. Ona kimi onun köməyinə Anadoludan Bəkir paşa gəldi. Onun alayı da Yetim Kərimin qoşunuynan birləşdi.
Yazın əvvəlindən başlayaraq payızın son ayına kimi birləşmış türk süvariləri yağıları Ağbaba mahalına qədər qovaraq darmadağın etdi.
Artıq qış başlamışdı, döyüşlər tam səngimişdi. Qanlı döyüşlərdən çıxan Yetm Kərim Bəkir paşa ilə möhkəm dost oldu.
Qışın oğlan çağıydı, Bəkir paşa yetim Kərimi Qarsa öz evinə qonaq dəvət edti. Kərim isə on nəfər cəngavərlə birlikdə Bəkir paşanın qonağı oldu.
Doğurdan da, atalar yaxşı deyib: “Yazıya pozu yoxdu”. Elə həmin gün Qarsda Mahmud ağa adlı bir tutarlı kişinin oğlunun toyuydu. Mahmud ağa eşidəndə ki, Bəkir paşanın hörmətli qonaqları gəlb, o saat Yetim Kərimi toya dəvət etdi. Bəkir paşa və Kərim bu toya gəldilər.Yetim Kərim toyda su pərisinə oxşayan Zeynəb adlı bir xanıma vuruludu. Bu işdən xəbər tutan Bəkir paşa çox sevindi. Kərim bir yetim uşaq olduğundan və kimsəsi olmadığından elçiliyə Bəkir paşanın özü getdi. Allah sizlərə də toy-düyün qismət eləsin, hər iki cavan öz səadətinə qovuşdu. Bəkir paşa Kərimə yeddi gün - yeddi gecə toy eləydi və düyün hədiyyəsi olaraq yağılardan təmizlənmiş Ağbaba mahalını Kərimə hədiyyə verdi.
Dağlar və yaylalar məskəni olan Ağbabada yenidən gözəl həyat başladı. Artıq Ağbabada Kərimin Sərdar adlı bir övladı dünyaya gəlmişdi.
Aradan heç iki il keçməmiş yağılar yenidən Ağbabaya hücuma keçdilər. Arpa çayı ətrafı Almərdan düzündə hər iki tərəfdən qırılanın sayı - hesabı olmadı. Bu döyüşlərdə Yeyim Kərim yaralana-raq dünyasını dəyişdi. Bəkir paşa qırx gün - qırx gecə yas saxladı və Kərimin yoldaşı Zeynəbi, iki yaşlı oğlu Sərdarı öz himayəsinə götürdü.
Sən demə, bu tifillərin ağrılı-acılı günləri qabaqda imiş. Artıq qəm-kədər Zeynəbin yavaş-yavaş yaxasını tanımağa başladı.
Günlərin birində Zeynəbin dayısı molla Dursun Bəkir paşanın yanına gəldi və bildirdi ki, dul qadının şəriətlə dul qalması günahdı. Kərimin heç kimi olmadığından gərək Zeynəb mənim bacım oğlu Söyünə ərə getsin, mən bu haqda Söyünlə danışmışam, o bu xeyir işə razılıq verib.
- Paşam, gəlməyimin məqsədi odur ki, sən də bu işə xeyr-dua verəsən, onu da yaxşı bilirəm ki, sən Kərimi doğma oğlundan da çox sevirdin.
Mollanın sözləri sillə kimi Bəkir paşanın üzünə dəydi. Qəhərdən yaşarmış gözlərini dəsmalnan sildi. Bir təkrar özünü ələ alıb dedi:
- Molla Dursun, deyirsən ki, şəriyət ilə gərək dul qadın ərə getsin, bəs uşaq?
- Mən bu işə heç nə deyə bilmərəm. Əgər Zeynəbin özünün razılığı varsa, qoy sən deyən olsun.
Molla Dursun dilləndi:
- Bəkir paşa, sən Söyünü yaxşı tanıyırsan axı, sənin qoç igidlərin-dən biri deyilmi, kim istəyərdi belə olsun, bu bir Allah işidir, Allah yağı düşmənlərin evini yıxsın, evimizi yıxdılar.
Bəkir paşa dilləndi:
- Onda mənim sizdən bir təvəqqəm var, qoy Sərdarı mən böyüdüm. Ürəyi istədiyi vaxt da anasının yanına gedib gələ bilər. Mənim oğlum Osman Gümrünün yeni seçılmiş sərdarıdı, istəyim odur ki, Sərdarı oğlum Osmanın yanına göndərəm. Qoy, uşaqlıqdan dövlət işlərini öyrənsin. Elə ki, boyu çıxdı Gümrü şəhrinin gələcək paşası Sərdar olmalıdır. Artıq mənim ölümlü günlərim gəlib, bu vəsiyyətimi oğlum Osmana çatdırmışam.
Bu danışıqlada Zeynəbin taleyi həll olundu. Zeynəb yeni ər evinə, Sərdar isə Gümrü şəhrinə göndərildi.
Aradan heç on il keçməmişdi ki, Bəkir paşa rəhmətə getdi. Sərdar isə Gümrüdə Osmanın himayəsi altında böyüməyə başladı. Doğurdan da, atalar yaxşı deyib:- “Pis günün ömrü az olar” !!!
Hələ uşaq yaşlarından Sərdar Osman paşa ilə birlikdə bir çox məclislərdə, döyüş meydanlarında olmuş, döyüş fəndlərini tam mükəmməl öyrənərək böyük, yaraşıqlı, ağıllı, bacarıqlı bir pəhləvana çevrilmişdi. Elə saz çalırdı ki, heç ustad aşıqlardan geri qalmırdı. Zili-zil, bəmi-bəm yerində idi.
Aradan uzun illər keçmişdi. Sərdar Gümrü şəhrinin sərdarı idi, həm də çox rəhimli bir paşa idi.
Varlı-yoxsul hamı onu sevirdi. Sərdar həmişə mahallara gedib, camaatın güzəranı ilə tanış olur, yoxsullara, əlsizlərə və yetimlərə kömək edərdi. Dağlar qoynunda olan Gümrü şəhri yavaş-yavaş gözəlləşməyə başladı. Müxənnət qonşuların dağıtdıqları binalar məscidlər və məhəllələr əvvəlki vəziyyətindən də yaxşı olmuşdu.
Artıq Sərdar iyirmi beş yaşını haqlamışdı.
Günlərin birində paşa öz dostları Niftalı ağa və Nağdəli bəylə ceyran ovuna çıxdılar. Sərdar ilk həmlədə ceyranın başını bədənindən üzdü və üzünü dostlara tutuaraq dilləndi:
- Dostlar, ovumuz yararlı oldu, gələn il, allah qoysa, yenə bu yerlərə gəlib ov ovluyacağıq, hərəmiz bir ceyran öldürsək, bu allahın heyvanının kökü kəsilər axı!
Bu sözləri eşidən dostlar gülüşdülər. Nağdəli bəy üzünü Sərdara tutaraq dilləndi:
- Paşam, bəlkə mənim qonağım olasınız. Bu gün evimdə xeyir iş var, oğlum müsəlman olacaq. Gümrünün adlı- sanlı aşıqlarını da dəvət etmişəm.
Sərdar dilləndi:
- Əzizim, mən məmuniyyətlə o məclisdə iştirak etməyə hazıram, çünki harada aşıq məclisi varsa, gərək ora bir baş çəkəm, neçə ildi başım şəhərin işlərinə elə qarışıb ki, ozan məclisləri də az qala yadımdan çıxıb. Ancaq Nağdəli bəy, səndən bir ricam var. Bir fayton göndər, gedib Qarsdan anam Zeynəbi də gətirsin. Onun üçün də çox darıxmışam.
Paşanın bir sözü iki ola bilməzdi. Elə belə də oldu.
Məclis qara zurnada, cəngi havası ilə başlandı. Meydandan pəhləvanlar çıxmaq bilmirdi. Sonra məclis saza və sözə verildi.
Zeynəb Söyün ağadan olan yeganə doğma qızı Fatma xanımla hərəsi Sərdar paşanın bir tərəfində əyləşdilər. Buralarda belə bir adət variydı ki, kişilər məclisinə qadınlar gəlmirdi. Ancaq Zeynəb xanımın təkidi ilə nişanlı qiz- gəlinlər məclisə daxil oldular. Sünnət mərasimi başlandı. Dəllək Qəfər müqəddəs “Qurani Kitabı” oxuyub qurtardıqdan sonra öz işini başa çatdırdı. Sərdar paşa yerindən durub dəllək Qəfərə xələt verdi və beləliklə də məclis qızışmağa başladı. Meydan artıq cavanların idi. Paşa dərin xəyallara qərq olmuşdu, elə bil, şirin yuxu görürdü. Birdən qarşısında dayanan gənc bir qızın səsinə diksindi. Qız utana-utana dilləndi:
- Paşam, görürəm yuxulayırsınız, bir fincan qəhfə için, yuxunuz dağılsın. Sərdar başını qaldırıb qıza baxanda, elə bil Sərdarın başına göydən ildırım çaxdı. Sərdar iyirmi yaşında olanda bu qızı ilk dəfə yuxuda ona Xızır Peyğınbər göstərmişdi.
Qız o qədər gözəl idi ki, yemə- içmə, dur bu qıza tamaşa eylə. Sərdar bir könüldən min könülə qıza aşiq oldu. Həmişə məclislərdən tez durub gedən paşa yerinə mıxlanmışdı. Gözünü də qızdan çəkmək bilmirdi ki, bilmirdi. İşi belə görən Zeynəb xanım dilləndi:
- Bala, hamının gözü səndədi. Sən kimə baxırsan? Olmuya bu qıza aşiq olmusan? Bu qız, sənin dostun Nağdəli bəyin bacısı, Sona xanımdi.
Sərdar paşa dedi:
- Ana, doğrudan da, bu qız elə bil bir su sonadı.
Bu zaman məclisi idarə edən Yetim Tapdıq sazı sinəsinə basıb, aldı ustadlardan görək nə dedi:

Necə söz deyəsən qəm ərbabına,
O da sənin kimi zəri görüfdü.
Dindirəndə haldan olar xəbərdar,
Cəbrə düşüb hər əfkarı görübdü.
 
Dost dostuna etsə iqrar imanı,
Qiyamətə gedər müddət zamanı.
Könül uman yerdən kəsməz gümanı,
Çün əzəldən etibarı görübdü.
 
Şenliyin zehnini verməyin zaya,
And verirəm, o yaradan Xudaya.
Bel bağlama dövrü keçən gədaya,
Neçə əyyam ruzigarı görübdü.

Ustadlar ustadnaməni bir deməyib, iki deyib, biz də deyək iki olsun, düşmən qabıq qoysun, soyulsun.

Bivafənin, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada cox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
 
Yetəni özümə mən dost eylədim,
Yolunda canıma cox qəst eylədim.
Söyüddən bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
 
Nəfs aldatdı, hər yetənə xan dedim,
Bihudə kollara gülüstan dedim.
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin cox çəkdim, karın görmədim.
 
Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf kı, kamalda dərin görmədim.
 
Ələsgər, elmində olma nabələnd,
Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.

Ustadlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, düşmən ömrü puç olsun.

Pələng qocalanda, nər büdrəyəndə
Kəhər at yollarda öləndə, hayıf.
Bir mərdin qılıncı düşəndə əldən,
Namərd gendən baxıb, güləndə hayıf.
 
Heç kəs ayrılmasın öz balasından,
Didərgin düşməsin yurd-yuvasından.
Maralı hürküdüb öz talasından,
Buraya çaqqallar gələndə hayıf.
 
Birsi yarayar elin işinə,
Dözər zamanənin hər gərdişinə.
Birisi tikəni çəkər dişinə,
Zəhmətsiz yarıya böləndə hayıf.
 
Biri toya gedər, sevinib gülməz,
Birsi vaylarda ağlaya bilməz.
Namərd öz qəlbindən heç kini silinməz!
Özünü dost kimi biləndə hayıf.
 
Birsi yalanı deyər ucadan,
Çəkinməz heç zaman cavan-qocadan.
Birisi dost evinə baxar bacadan,
Açıb bu qapını girəndə hayıf.
 
Atılıb tullanan körpə beçələr,
Vədəsiz banlayar bəzən gecələr.
Çəpərdən-çəpərə qonan sərçələr,
Bülbülü qəfəsdə görəndə hayıf.
 
Yetim Tapdıq ustadnaməni sona çatdirib, sazı Sərdara uzadaraq dilləndi:
-Paşam, bəlkə bir-iki kəlmə söz də siz deyəsiniz?
Hə əzizlərim, Sərdar sazı öpüb, döşünə basdı və aldı görək nə dedi:

Ağlımı apardı bir mələkzadə,
Bülbüləm gülümü tapdım bu gecə!
Məhəbbət nə imiş, sevgi nə imiş,
Qəlbimdə bir ocaq yapdım bu gecə!
 
Can alan gözləri od saldı cana,
Həzrəti Yusif tək düşdüm zindana.
Gözəllər gözəli, ay gözəl ana,
Az qala yolumdan sapdım bu gecə!
 
Sərdaram, paşalıq yadımnan çıxdı,
Göz yaşım selləndi yaxama axdı.
Mehrü - məhəbbətim, baxdı karıxdı,
Xəyal atlarını çapdım bu gecə!

Sərdar sazı öpüb aşıq Vəliyə uzatdı.
- Ustad, ustad məclisində söz demək mənə yaraşmaz, bizim sizə çox ehtiyacımız var, məclis sizindi.
Artıq gecədən xeyli keçmişdi. Sərdar Nağdəlini yanına çağırtdırıb dedi:
- Bəy, bu gecə anam, bacım və mən sizin qonaqlarınızıq. Əgər icazə versən, qoy mənə bir yer hazırlasınlar, möhkəm yorulmuşam, evə getməyə halım qalmayıb, bir az yatıb dincimi alım.
Nağdəli bəy üzünü doğmalarına tutaraq dilləndi:
- Qızlar, tez paşaya bir yer hazırlayın.
Sərdar asta yerişlərlə xalılar döşənmş böyük bir otağa daxil oldu. Burada təkrar Sona xanımla qarşılaşdı.
Sona xanım gülə-gülə dilləndi:
- Paşam, sizə xoş gecələr arzulayıram, yuxunuz şirin olsun, deyib, zalı tərk etdi. Sərdar güclə özünü ələ aldı, bilmədi qıza nə cavab versin. Sərdar dərhal yerinə uzandı, amma ilan vuran yatdısa, Sərdar yatmadı. Yerində o tərəf bu tərəfinə dönərək, Sona xanımı gözlərinin qabağında gətirdi. Baxçada Sona ilə Fatmanin səsini eşidən Sərdar eyvana çıxdı.
Sona incə bir səslə Fatma xanıma dedi:
-Sənin nə qəşəng, yaraşıqlı və ağıllı qardaşın var? Deyirdilər inammırdım, həqiqətən də həsəd aparılası cavandı.
Fatma:
- Ay qız, olmuya qardaşıma vurulmusan? Vallah, toyunuzda o qədər oynayacam, düz bir həftə gərək yerimdən qalxa bilməyəm.
Sona xanım nə isə demək istəyirdi, birdən onların gözlərinə eyvandan heyran - heyran baxan Sərdar sataşdı.
Sona xanım üzünü Sərdara tutaraq dilləndi:
- Paşam, mən elə bilirdim ki, siz artıq yatmısınız, olmaya sizi narahat elədik, siz allah bizi bağışlayın.
Sərdar dinmədi.
Sona xanım üzünü Fatma xanıma tutaraq dilləndi:- Qardaşın bizə gələnnən dili tutulub.
Sona xanım:
– Ay qız, bəlkə qardaşının dilini açım.
Fatma xanım:
– Pis olmaz.
Bu dəmdə Sona xanım aldı görək nə dedi:

Aşkar deyil, mənim dərdim pünhandı,
Var olsun, yaşasın, eli paşamın.
Görüb gözəlliyi, almır hesaba,
Yaş gedib bükülüb beli paşamın.
 
Bir tuti dillinin dağıyam, dağı,
Olmazmı mənimlə gəzəsən bağı.
Gedib cavanlığın, qalmayıb çağı.
Görürəm titrəyir, əli paşamın.
 
Aləm bilir sən Gümrünün gözüsən,
Niyə qoydun sinəm üstə közü sən.
Baxan deyər düz Məcnunun özüsən,
Açılıb çiçəyi - gülü paşamın.
 
Sona xanım yar yanında sayılsın,
Arif olan bu sevdadan ayılsın.
İxtilat et, şirin cana yayılsın,
Titrəsin ağzında dili paşamın.

Söz tamama yetdi.
Qızlar baxçadan getmək istəyəndə Sərdar dözə bilməyərək dilləndi:
- Sona xanım, insaf eylə bir ayaq saxla, gör mən nə deyirəm.
Aldı görək bu dəmdə Sərdar nə dedi:

Küsmə məndən gözəl mələk,
Buyurub allah, seçmişəm.
Ölçüb, biçib sığal çəkib,
Yer üzündə şah seçmişəm.
 
Gözəlsən, güldən - laladan,
Tanrı saxlasın baladan
Səni o ərşi - əladan,
Qəlbimə pənah secmişəm.
 
Sərdarı sən eşit dayan,
Gəl könlümə olnan həyan.
Sınıq qəlbi yardı duyan,
Səni qəlbə mah seçmişəm.

Söz tamama yetən kimi Sona xanım güldü.
- Elə bu paşam?! Yenə sözün var yoxsa...
Sona belə deyəndə Sərdar bir daha özünü saxlaya bilməyib, aldı görək nə dedi:

Gözəllər sultanı, mələklər şahı,
Telləri xurmayı, qamət sürahı,
Cəmalın cəzb edir şəms ilə mahı,
On beş günlük aydan gözəlsən, Sona!
 
Gözlərin dumanlı, bənzər ümmana,
Səni sevən aşiq olub divana,
Yaradan yaradıb salıb cahana,
Sən huri qılmandan gözəlsən, Sona!
 
Yaralı könlümə yaraşmaz ziynət,
Sanki bir mələksən ey sərvi – qamət!
Səni sevən aşiq istəməz cənnət,
Cənnəti - Rizvandan gözəlsən, Sona!
 
Qəm üstə yatmağı etmişəm peşə,
Mövlam nişan verdi, gəldim görüşə.
Pərişan bülbüləm, sən tər bənövşə,
Sərvi - Xuramandan gözəlsən, Sona!
 
Gül açan çəmənə bənzər üzlərin,
Şahın taxt-tacına dəyər gözlərin.
Sərdara dadlıdır şirin sözlərin,
Gözəl Züleyxadan gözəlsən, Sona!

Söz tamama yetdi.
Qızlar gülüşə - gülüşə bağçanı tərk etdilər. Amma Sərdar səhərə kimi yata bilmədi ki, bilmədi. Eşq ataşı, doğurdan da, onu Məcnun etmişdi.

İkinci hissə

 

 - Səhərin ala qaranlıqda baxçaya düşən Sərdar o baş - bu başa var gəl etməyə başladı. Bu dəmdə Nağdəli bəy gördü ki, Sərdar baxçada o başa bu başa gedir - gəlir. Bəy sözə başlamadımı.
- Paşam, olmaya ala qaranlıqda durub getmək istəyirsən, yoxsa yerin narahat oldu?
Sərdar:
- Siz narahat olmayın bəy, bu baxça mənim o qədər xoşuma gəlib ki, elə bil cənnətə düşmüşəm, heç yerdə belə gözəllik görməmişəm, olmaya, bəy, sizi narahat elədim, bir fincan da qəhvə olsa, buradan tərpənən deyiləm.
Nağdəli:
- Bu nə sözdü, paşam, bura sənin öz evindi, necə istətəyirsənsə elə də olsun, elə bildim getmək fikrindəsən, az qaldim sizdən inciyəm.
-Əziz dostum, sən get qonaqlarını rahatla, amma qızlara denən ki, mənə bir fincan qəhvə gətirsinlər, mən hələ bu gün də sizə qonağam.
Nağdəli:
- Baş üstə, deyib baxçadan aralandı. Amma Nağdəlini fikir aparmışdı, bu işə sirillah qalmışdı. Öz-özünə deyinə - deyinə danışırdı, axı Sərdar hara gedirsə-getsin, orada yalnız bir-iki saat qala bilərdi.
Burada nə isə bir iş var. Əyə bir də nə ola bilər ki, qardaşdan da irəli dostuq, anası və bacısı da bizdədi, daha bundan yaxşı nə ola bilər?
Qulluqçular Sərdara səhər yeməyi aparmaq istəyəndə, Sona xanım dilləndi: - Siz narahat olmayın gedin, məclisi yola verin, mən öz əllərimlə paşaya qəhvə düzətmişəm, özüm aparacam. Sona xanım səhər o başdan qəhvə ilə baxçaya daxil oldu. Sərdar yerindən ildirım kimi duraraq Sona xanıma tərəf gəldi.
Sərdar:
- Mənim üçün çox xoşdur ki, mələklər şahının əli ilə bir fincan qəhvə içim. Xanim, vaxtınız varsa mənimlə bir fincan qəhvə içsəniz lap yerinə düşər.
Hər iki aşiq baxçada süsən- sünbüllər içərisində əyləşdilər. Amma bir - birlərinin üzünə baxa bilmirdilər. Bir xeyli sakitlikdən sonra Sərdar dilləndi:
-Sona xanım, sizi görəndən sonra bu gecə yuxum ərşə çəkildi, hey gözlərimi yumdum, sizin surətiniz gözlərimin önündən getmədi. Mən deyən artıq özümü idarə edə bilmirəm.
Birdən Sərdarın gözləri Sonanin boynundakı altun həmayilə sataşdı.
Sərdar:
- Bu həmayıl sizi olduğunuzdan da gözəl göstərir.
Sona xanım:
- Bu anamin yadigarıdı, qaşı isə müqəddəs “Qurani – Kərimdən” düzəldilib.
Sərdar:
- İcazə versəniz ona yaxşı baxam, bu həmayılı ilk dəfə mənə yuxuda göstərmişdilər.
Sərdar həmayıldakı müqəddəs “Quranı - Kərimi” üç dəfə öpdü, istədi ki geri qaytarsın, Sona xanım dilləndi:
- İcazə verin, mənim özüm götürüm, deyib ayaq üstə qalxaraq şümşəd əlləri ilə həmayili Sərdarın boynuna keçirdi:
- Qoy bu müqəddəs kitab bizə uğurlar gətisin.
Sona xanım:
- Mənim on səkkiz yaşım olanda bir qoca dərviş mənə dedi ki, biz bir cavan oğlanı səninlə buta eləyirik, sən də bu həmayili o oğlana verməlisən.
Dərviş bir də mənə dedi ki, siz öz həyatınızı özünüz secməlisiniz. Çalışın bu seçimdə yanılmayın. Dərviş mənə səni qoca kişi şəklində göstərdi. Mən isə ağlaya -ağlaya dedim, bəs onun cavanlığı necədi?
Həmin dərviş mənə dedi ki, onun özü səni tapacaq, mən yenə ona allaha and verdim ki, bəs bizim ilk görüşümüz necə olacaq? Dərviş mənə dedi ki, sizin bağçada o gəlməmişdən üç gün əvvəl lalələr çiçəkləyəcək, bu ilk əlamətdi, həmin cavan məclisdə sözünü sazla deyəcək, səhərə kimi nə sən, nə dəki o yatmayacaqsınız. Səhər gün çıxmamış siz bağçada görüşəciniz. Ona bir fincan qəhfə aparmalısan. O isə bağçadakı lalələrdan bir dəstə toplayıb sənin qollarının arasına qoyacaq. Bu yerdə sən həmayılı həmin gənc oğlana verməlisən. Əgər dalını bilmək istəsən görəcəksən ki, o qəhvəni içib qurtaran kimi bağçadakı bütün lalələr sönəcək.
Məni vahimə basmışdı. O yerdə oyandım ki, yanımda anamdan başqa bir kimsə yoxdu. Anam isə mənə deyidi:
- Ay qızım, iki gündü ki, sən yatırsan, qız uşağı belə tənbəl olmaz axı!?
Mən bu əhvalatın hamısını anama danışdım. Anam isə Allah bu işin axırını xeyr eləsin deyib, həmin bu həmayılı mənə verdi. Onda mənim on səkkiz yaşım ancaq olardı. Sonra isə Sona xanım titrəyə-titrəyə bir fincan qəhvəni Sərdara verdi. Sərdar isə bağçadakı lalələrdən bir dəstə dərib Sona xanımın qolları arasına qoydu.
Sərdar bir fincan qəhvəni başına çəkən kimi gördü ki, həqiqətən də bağçadakı al qırmızı lalələrdan əsar- əlamət qalmayıb, hamısı sönüb. Bunu görən Sərdar və Sona xanım çox bikef oldular.
Bu yerdə Sərdar paşa özünü saxlaya bilməyib aldı görək nə dedi:

Gözəllər məskəni Gümrü şəhrində,
Gözəllər şahına mayıl olmuşam.
O büllur qaməti, o gül camalı,
Aparıb əqlimi sayıl olmuşam.
 
Ömrün bahar çağı gəldik üz-üzə,
Kimdi bu ceyrani buraxan düzə?
Qaşları kamandı, kirpiklər nizə,
Oxlayıb könlümü, zayıl olmuşam.
 
Qırxların əlindən badə içmişəm,
Əzəl başdan bir gözəli seçmişəm.
Məqribdən məşriqə bir yol keçmişəm,
Haqq verən paylara qayıl olmuşam.

Söz tamama yetdi. Sərdar paşa Sona xanıma dedi:
- Sona xanım, bu işi belə qoymaq olmaz.
Amma ... indi biz ayrılmalıyıq.
Sona xanım ayrılmaq istəməsə də, deyilənə əməl etdi.
Sona xanım bağçadan gedəndən sonra Sərdar orada Nağdəli bəylə qarşılaşdı.
Nağdəli:
- Ayə qardaş, sənə nə olub, niyə titrəyirsən? Axı mən sənə dedim, səhərlər Gümrünün havası soyuq olur. Düz iki saatdır ki, sən burada oturmusan, deyən sənə soyuq dəyib, tir-tir əsirsən.
Sərdar boğula-boğula dilləndi:
- Məni elə soyuq tutub ki, qançıradan da betər olmuşam.
Sonra üzünü Nağdəliyə tutaraq dilləndi:
- Bəy, sözlərimə yaxşı-yaxşı qulaq as, qonaqların gəlibmı?
Nağdəli:
– Aşıqlar səni gözləyirlər.
Sərdar:
– Onda gedək məclisə baş çəkək. Amma cox otura bilməyəcəm. Soyuq məni haldan salıb, sonra üz vurmayasan ha. Bir xahişim də var, məclis qurtaran kimi anamı hökmən göndər gəlsin bizə.
Sərdar paşa və Nağdəli bəy məclisə daxıl oldular. Sərdar keçib anasının yanında oturdu. Cavan qızlar, gəlinlər meydandan çıxmaq bilmirdilər.
Sərdar üzünü Yetim Taptığa tutaraq dilləndi:
- Ustad, icazə versəniz, sinəmə bir - iki kəlmə söz gəlib, deyim, sonra gedəcəm, çünki Qarsdan Osman paşa və istəkli qonaqlar gəlib, məni gözləyirlər. Tez aşıq Vəli sazı Sərdara uzatdı.
Aldı görək Sərdar bu dəmdə nə dedi:

Bu gün bu məclisə bir can gəlibdi,
Buyursun meydana, nənəm oynasın.
Al yaşıl geyinib çıxsın ortaya,
Gözəllər sultanı anam oynasın.
 
Başına döndüyüm gül üzlü Pərim,
Əlim qələmimdi, sinəm dəftərim.
Buyursun meydana sərvi sərvərim,
Telləri xurmayi durnam oynasın.
 
Biçarə Sərdarı salmısan dərdə,
İndi çox gülürsən burdakı mərdə;
Dolaşmaya simlər, vurmaya pərdə,
Adını deyirəm Sonam oynasın.

Xanımlar xanımı Zeynəb xanım ayağa durdu, süzə - süzə öz qızı Fatmanı və Sona xanımı meydana dəvət etdi. Məclıs qızışdı, nə qızışdı.
Bu fürsətdən istifadə edən paşa məclisi tərk etdi.
Sərdar paşa necə dedisə, Nağdəli bəy də elə etdi. Artıq gün batırdı. Nağdəlinin bəzəkli at faytonunda, Zeynəb qızı Fatma xanımla bərabər Sərdarın evinə gəldilər. Artıq Osman paşa da burada idi.
Osman paşada artıq yaş öz işini görmüşdü, güclə ayaq üstə dururdu. Qulluqcular Osmanın başına fırfıra kimi fırlanırdılar. Sərdarın rəngi ağappaq idi. O başına gələn bu işləri Osmana və anasına danışdı.
Sərdar:
- Osman, mənim ata əvəzim, sən də mənim anam, dərdimə bir çarə qılın.
Osman:
- Ay bala, bizim yeganə carəmiz səni evləndirməkdi, bir də ki beş - on günlük dünyadı, kim bilir, kiminin axrı necə olacaq? İki dünya bir olsa da, mən səni evləndirməliyəm. Çünki atam Bəkirin axırıncı vəsiyyətinin vədəsi gəlib çıxıb. Bundan sonra rahat ölə bilərəm.
Sonra Osman paşa üzünü mehtərlərə tutub möhkəm-möhkəm qışqırdı:
- Ayə, ay mehtərlər, ayə, ay zalım uşağı, ayə, harada qalmısınız, ay Boğos, ay Setrək, səhər o başdan atları çölə buraxmayın. O qıllı Minasa da deyin ki, təcili Qarsa getsin, bütün qohum-əqraba, dost-tanış, kimi tapsa, desin ki, təcili Gümrüyə gəlsinlər. Bir-iki günə kimi Sərdarın toyudur. Osman paşa əlini cibinə saldı. Bir bağlama pul çıxarıb mehtərlərə verdi, bu da mənim sizlərə toy məqəricim. Əyə, zalım uşağı, zalım, sizin nə vaxt əyin-başınız düzələcək, gedin özünüzə pal - paltar alın. Cəld, haydi, gözümə bir də bu qiyafədə görünməyin. Sonra üzünü Sərdara tutaraq dilləndi:
- Ay bala, axı mən sənə demişdim, bunları buralarda çörək verib saxlama. Bunlardan adama xeyir gəlməz. İlanın ağına da nəhlət, qarasın da.
Elə bu dəmdə Zeynəb Osmanın sözünü kəsərək dilləndi!
- Osman qardaş, məni bağışla, sözünü kəsdim, bəlkə uşaqları çağırtdırmayasan. Bu iş məni heç açmır. Sən yaxşı bilirsən ki, mənim başıma nələr gəlib. Olmazmı bir az ölçə, biçəsən? Lalələrin solması məni heç açmır axı!?
Osman sözə başladı:
- Ay bacı, bu yazıdır, bir sevin.
- And olsun, o Allahın birdi-birliyinə, əgər Sərdarın başından bir tük əksik olsa, düzü - dünyanı yıxıb dağıdaram. Sərdarın ürəyinin yumşaqlığından şəhər müxənnətlərlə doludu, hamısı da adamı arxadan vuranlardı. Eşıdıblər ki, mən gəlmişəm siçan deşiyini satın alıblar. Ay bala, bir az sərtlik də lazımdır. Yeri gələndə şallaq da işə düşməlidir.
Daha Zeynəb Osmanın bir sözünü iki eləmədi.
Deməzsənmi, oğlan evində toydu, ancaq qız evinin xəbəri yoxdu.
Səhər Nağdəli bəy öz xanımı Güllüzara dedi:
- Arvad, hazırlaş, gedək Sərdargilə. Zalım oğlu səhərin ala qaranlığında baxçada oturmuşdu, gördüm ki, tir-tir əsir, möhkəm soyuq tutub. Gedək bir paşaya baş çəkək. Güllüzar dinmədi:
- Ay arvad, nə olub sənə!
Güllüzar isteza ilə dilləndi:
-Heç, öz bacından xəbərin yoxdu. Təbiblər əldən-dildən düşüblər, bir bacına baş çəksən! Nağdəli başı alovlu bacısının yanına qalxdı. Üzünü təbiblərə tutaraq:
-Ayə, bu qıza birdən-birə nə oldu? Qocaman Gümrü təbibi Nuru yazıq-yazıq dilləndi:
-Bəy, qız çox halsızdır, amma qorxulu bir şeyi yoxdur. Qoyun bir az dincəlsin.
Nağdəli təbibə pul verib, yola saldı. Sonra üzünü Güllüzara tutaraq dilləndi:
-Ay arvad, bu nə işdi, başımıza gəldi, yaxınlarımın hamısı yatağa düşüblər. Birdən Nağdəlinin gözü Sonanın sinəsinə sataşdı. Həmailin yeri Sonanın sinəsində günəşin işığından iz salmışdı. Güllüzar yenə istehza ilə dilləndi:
-Nə baxırsan, həmin altun həmayılı dostunun boynunda görmədinmi? Elə bil Nağdəlinin başına qaynar su tökdülər: Sözündən belə çıxır ki,... yox – yox, bu ola bilməz, axı onun belə şeylərə ehtiyacı yoxdu. Güllüzar, sən məni lap dəli eliyəcən, ya da ki, mən dəli olmuşam. Bu dəmdə Sona gözlərini açıb dilləndi:
-Qardaş, həmin həmayili mən paşaya səhər o başdan bağçada vermişəm.
Nağdəli pərt halda dilləndi:
- Ay arvad, indi mən başa düşdüm ki, bunların xəstəliyi nədi?!
Güllüzar:
- Bu hələ harasıdı, bağca lalələrlə doludu, bax bu lalələrdən başqa baxçadakı lalələrın hamısı sönüb. Nağdəli iki əllə başını tutdu.
- Ay arvad, həqiqətənmi sən məni dəli yerinə qoymusan, lalə nədi, zad nədi, axı bağçada belə güllərin bitdiyini görməmişəm.
Güllüzar:
- Get, bax. Nağdəli baxçaya düşəndə gördü ki, həqiqətən də hər şey Güllüzarın dediyi kimidi. Bu dəmdə çöldən at səsləri eşidildi.
Nağdəli çölə çıxdı. Elə bil onun həyətinə böyük bir ordu gəlmişdi. Həyət baca yaraqlı - yasaqlı əsgərlərlə doluydu.
Bu dəmdə Osman paşa gər səslə dilləndi:
- Ay ev yiyəsi, ay ev yiyəsi, qonaq qəbul etmək istəmirsinizmi? Nağdəli Osman paşanı yaxşı tanıyırdı, çünki Osman bu böyük mahalın paşası idi.
Nağdəli sakit tərzdə:
- Babam, xoş gəlmisiniz, gözümüz üstə yeriniz var!
Paşa faytondan düşüb ağır yerişlərlə içəri daxıl oldu:
- Ay oğul, mənim gəlnimi mənə göstərin, ölmədim bu günü də gördüm, dedi.
Nağdəli:
- Baba, nə gəlin, sən nə danışırsan, Allahım, deyən mən dəli olmuşam. Osman üzünü bu dəfə Güllüzara tutdu:
- Qızım, məni gəlinim Sonanın yanına apar.
Paşanın bir sözü iki ola bilməzdi, kişi həm də sözü təkrar etməyi xoşlamırdı. Güllüzar sakitcə:
- Gəl, baba, deyib, Sonanın yataq otağına qalxdılar.
Sona həmin Sona deyildi. Osmanı görən kimi kişinin əlindən öpdü.
Osman:
- Ay maşallah, bir su pərisini görürəm, deyib, Sona xanımın alnından öpdü.
-Qızım, coxdandı buralarda olmurdum, şəhəri gəzməyə çıxmışdım, yolüstü dedim, sizə bir baş çəkim. Əlindəki iri bağlamani Sona xanıma verərək dilləndi:
- Bu da məndən sənə düyün hədiyyəsi.
- İş bununla bitmir ha, Nağdəli bəy, hazırlaş bir- iki günə kimi sizdə olacağam, nə çətinliyin varca de, çəkinmə, deyib yavaş- yavaş həyətə düşməyə başladı.
Nağdəli:
- Baba, niyə belə tez axı?
-Darıxma, oğul, darıxma, o qədər gəlib gedəcəyəm ki, axırda özünüz əlimdən bezəcəksiniz deyib, Bəkir paşa faytona mindi.
Sona xanım bağlamanı açanda bağlamada bir cüt qızıl bilərzik və bir ədəd üst hissəsi qızıldan hazırlanmış “Müqəddəs Quranı Kərim” kitabını gördü.
Kitabın üst hissəsində bu sözlər həkk olunmuşu: “Qiyamətə qədər qoruyun”.
Bilərziklərin hər birinə isə bu sözlər həkk olunmuşdu: Hamza , Hasan.
Artıq Sona xanıma tam məlum oldu ki, bu qoca dərvişin dediyi hədiyyələrdi. Bilərziklər oğlanlarına, Müqəddəs kitab isə qızına çatmalıdı.
Ancaq bu sirri Sona xanım heç kimə açmadı.
Hər iki ailədə toya hazırlıq işləri başlandı.

Üçüncü hissə

 

 Hər iki ailədə toya hazırlıq işləri başlandı. Osman paşanın xüsusi fərmanı ilə Gümrü şəhri başdan - ayağa bayram libasında bəzədildi. Toy yeddi gün davam etməli idi. Toya kim istəsə gələ bilərdi. Belə də oldu. Sevgililər bir- birinə qovuşdu.
Hər kəsin evində allah tala belə xeyir- işlər qismət eləsin.
Bir müddətdən sonra Zeynəb xanım, sonra isə Osman paşa dünyalarını dəyişdilər. Mərd cəsur paşalar- paşası dünyadan köçdü. Gümrü şəhri qırx gün bu kişinin yasını saxladı.
Bu ağır günlərdə Sərdarın imarəti başdan - ayağa qara bəzədilmişdi.
Osmanın ölmü yavaş- yavaş müxənnətlərə ayaq açmağa imkan verdi. Bir tərəfdən də dağlarda qaçaq dəstələri peyda olmağa başladı.
Sərdar paşanın əmri ilə bütün qaçaq dəstələri darmadağın edildi. Bircə “Qanlı Alı” deyilən qaçağı tutmaq mümkün olmadı. Qanlı Alinını ölü və diri gətirən hər bir şəxsə böyük miqdarda pul vəd olunurdu.
Amma Qanlı Alı yenə öz işini görürdü. Yolları kəsib tacirləri talayırdı. Tacırlərin əksəriyyəti Rumlu tacirlər idi.
On il Sərdar paşa ilə Sona xanım xoş, firəvan həyat keçirdilər.
Amma onların uşaqları olmurdu. Sona xanım isə onların iki oğlu və bir qızının olacağını bu vaxta kimi Sərdara deməmişdi.
Bir gün Sərdar səhər namazını qılan vaxt Sona xanım gördü ki, Sərdar namazı qılıb qurtardıqdan sonra Allaha yalvarır:
-Allahım, nə günahlarım varsa, məni bağışla, öz dərgahına günahsız apar, ancaq bu qulunu axirət evinə sonsuz aparma.
Bu vəziyyəti görən Sona xanım boş beşiyin başında ağlaya- ağlaya aldı gürək nə dedi:

Yatmışdım, yuxumda mən səni gördüm,
Sən bülbülsən, bu da güldü, dedilər.
Gəlmişdi üstümə buta verənlər,
Qızım , bəxtin üzə güldü, dedilər.
 
Cəfan, əziyyətin çoxdu qabaxda,
Sən yolunnan getnən, demə ya baxta.
Qismət Allahdandı, cörək tabaxda,
Dərdin gözdən axan seldi, dedilər.
 
Vermə bir kimsəyə, pünhanı, sirri,
Yoxla ziyarəti, yada sal Piri.
Hamzaya, Hasana hazırla yeri,
Sona, sənin vədən gəldi, dedilər.

Söz tamama yetdi. Sərdar inciməsin deyə, heç hə olmamış kimi Sona xanım dilləndi:
- Kişi, səbirli ol, verən də o kişidi, alan da o kişidi, əlbət bu yaxınlarda bizim də qapıda bir toy - bayram olar. Bu sözləri eşidən Sərdar paşa dərindən bir ah çəkib heç nə demədi.
Sona xanım aldı dübarə görək nə dedi:

Tanrı qismət verib bir az döz, dayan,
Udduğun kədərdi, qəhərdi, Sərdar.
Fikir ver sözünə, ixtilatına,
Hər sözün sədəfdi, gövhərdi, Sərdar.
 
Atəşin artdıqca, çıxmasın külün
Inşallah, açılar o qızıl gülün.
Əlbət çarəsi var hər bir müşkülün,
Ağzın acı dadır, zəhərdi, Sərdar.
 
Əzəldən qoşadır, ağ ilə qara,
Nə olar, Sonanı salma odlara.
Hicran sinən üstə vurmasın yara,
Gecə adlayıbdı, səhərdi Sərdar.

Söz tamama yetən kimi, Sərdar başladı, nə başladı. Nə dedi, nə söylədi, biz deyək siz qulaq asın:

Mən haqqın quluyam, üstümdə ağam,
Tanrı istəyimi bir gün çin eylər.
Qaranlıq qəlbimdən tamam çəkilər,
Ürək işıq saçar, toy - düyün eylər.
 
Mən ata olaram, sən də ki, ana,
Can sözü işləyər ilikdən - qana.
Gəl məni incitmə, ay gözəl Sona,
Qara gəlsə silər, mənə gün eylər.
 
Sərdarın əlindən yapışan sənsən,
Şirin ixtilatla danışan sənsən.
Mənim dərd - sərimə alışan sənsən,
Tanrı xoş günləri birə min eylər.

Söz tamama yetən kimi Sona xanım yüyürüb Sərdarı bərk - bərk qucaqladı.
Bu əhvalatdan xeyli sonra Sona xanım hamilə oldu.
Onların iki əkiz oğlan uşağı dünyaya gəldi. Sona xanım oğlanlarının adını Hamza və Hasan qoydu. Uşaqlar üç yaşına çatanda Sərdar paşa onları şəriətlə müsəlman elətdirdi.
Amma Gümrünün şən - firavan həyatı yavaş – yavaş acılı günlərlə əvəz olunmağa başlayırdı.
Bir yandan qanlı Alının qaçaq dəstələri karvan yollarını bağlayıb tacirləri soyur, bir yandan da yadellilər yavaş – yavaş mahalları talayıb çapırdılar. Sərdar ağanın elə bil bu mahalları idarə eləmək taqəti qalmamışdı. Övladlarının dünyaya gəlməsi ilə dövlət işləri ön plana keçmişdi. Hərdən arvadına deyirdi:
Osmanın oğlu Səlim ağa baş vəzirimdi, hər şeyi ona həvalə etmək fikrim var. Axı mən bir yetim uşaq olmuşam. Məni bu şad günə çatdıran Səlimin babası Bəkir paşaya ölüncə borcluyam. Səlim ağa ilə danışmışam, öz ata yurdum Ağbabada ömrümün qalan günlərini başa vurmaq istəyirəm, amma buna Səlim ağa qətiyyən razı deyil.
- Sona xanım, bu fikir mənim başımdan çıxmır ki, çıxmır.
Vəziyyət detdikcə çətinləşirdi.
Günlərin birində gecə yarısı qan - tər içində yuxudan oyanan Sərdar paşa arvadını yuxudan oyatdı:
- Sona xanım, dur ayağa, mənə bir məsləhət ver. Üç gündü ki, məni gecələr qoymurlar yatam, dilimi çəkib ağzımdan çıxarırlar.
- A kişi, danış görək nə olub axı?
- Ay arvad, mənə üç gündü yatdığım yerdə deyirlər ki, göydən sizlər üçün bəla gəlir, ya indi qəbul edin, ya da kı, sonra, mənim isə dilim - ağzım quruyur, heç nə deyə bilmirəm.
Sona xanım ağıllı və uzaqgörən bir qadın idi. O,gülə -gülə dilləndi:
- A kişi, bəyəm başa düşmürsən ki, bu bir Allahın işidi, verən də, alan da onun özüdür. Göydən zəhrimar da gəlsə biz bunu şərbət bilib qəbul etməliyik. Amma bu bəlanı gərək indi qəbul edək, qocalsaq qorxuram, dözə bilməyək. Kişi əvvəlimiz yaxşı olunca, axırımız yaxşı olsun.
Bu sözləri eşidən Sərdar paşa elə bil qəm dəryasına batdı.
- Yaxşı, arvad, qoy sən deyən olsun. Səhər namazını Gümrüdəki göy məsciddə keçirib, günorta vaxtı şəhəri tərk etməliyik. Həm Ziyzrət dağındaki Ziyarəti, həm də Ağbabada atamın qəbrini bir ziyarət etməliyəm, sonrasına baxarıq. Yolumuz Ağbabayadı.
Səhər-səhər Sərdar paşa faytonçu qıllı Minası yanına çağırtdırdı:
- Minas, faytonu hazırla süb namazından sonra biz Ağbabaya yola düşəcəyik. Bir iki günlük orada işlərim olacaq. Al bu pulları, get iki gün dincəl. Sənin getməyin vacib deyil.
Günorta Gümrüdən yola çıxan Sərdar ağa Ziyarət dağındakı ziyarətgahı ziyarət edib, şər qarışan vaxtı Ağbaba tərəfə hərəkət etməyə başladı.
Bu zaman qarşıdan atışma səsləri eşıdildi. Qabaqlarına bir dəstə ağlaya - ağlaya arvad- uşaq çıxdı.
Səradar:
- A bala, sizə nə olub, niyə ağlaşırsınız?
Bunların içərisindən bir yaşlı kişi dilləndi:
-Ayə, zalım oğlu, hara gedirsən, görmürsən ki, yağılar bütün kəndlərə od vurublar. Bizim qaçaqlarla yağılar arasında möhkəm savaş gedir.
Arvad, uşaq və yaşlılar ağlaşa-ağlaşa gecə qaranlıqda gözdən itdilər. Sərdar faytondan düşüb dərindən bir ah çəkdi.
Hə, Sona xanım, artıq bəla başımın üstünü aldı,- deyıb, sazı sinəsinə basdı.
Görək bu yerdə bu mahalın paşası nə dedi:

Könül, by yerlərə düşdü güzarım,
Bəlaya düşmüşəm haraya varım?
Artıq əldən gedir gözəl diyarım,
Başıma iş gəldi qaçaqaçıynan.
 
Könül, bu yerlərə həsrətəm necə,
Fəğan eyləyirəm hey gündüz- gecə,
Mahudum bez oldu, məxmərim keçə,
Başıma iş gəldi qaçaqaçıynan.
 
Könül, bu yerləri arama, bəsdi!
Duz basma, insaf et, yarama, bəsdi!
Yetimsən, səs salıb, zarıma bəsdi!
Başıma iş gəldi qaçaqaçıynan.

Söz tamama yetdi. Atışma səsləri get - gedə yaxınlaşırdı. Birdən yaraqlı-yasaqlı bir atlı peyda oldu. Atlı ağır yaralanmışdı, qanı su kimi axırdı. Atlı gülcə danışmağa başladı.
- Paşam, durma buradan uzaqlaş. Yağı yaxınlaşır. Tez ol, vaxt itirmək olmaz.
- Ay cavan oğlan, sən haradan bilirsən, mən Sərdar paşayam?
- Hə, paşa, on ildi ki, sən məni necə axtarırsansa, mən də səni elə axtarıram. Mənim adamlarım Gümrüdə sənin faytonçun qıllı Minası izləyirdilər. Şər qarışanda qıllı Minası Öküz dağında yaxaladıq.
Artıq gec idi. Ailən ilə birlikdə Ağbabaya gəlməyini qıllı Minas yağılara ötürmüşdür.
Qıllı Minası cəhənnəmə vasil edib, səni qurtarmağa gəlmişəm, mənlə səninki qalsın sonraya deyib,- atlı huşsuz vəziyyətdə atdan yıxıldı. Tez Sona xanım başındakı kəlağayını açıb, kişinin yaralanan sağ qolunu sarımağa başladı.
Sərdar:
- Ayə, ay bala, üzünü yaxşı görə bilmirəm, de görüm sən kimsən? Atlı güclə ata sökənərək dilləndi:
- Cəld Arpa çayına tərəf gedin, mənim igidlərimin hamısı yanımdaca qanlarına qəltan olndu, cəmi beş nəfər qalmışıq, artıq səni qorumağa gücümüz çatmır, yağı bizdən yüz qat coxdu, çəpik olun.
Sərdar yenə dilləndi:
- Əyə, zalım oğlu, de görüm sən kimsən axı?!
- Paşam, qətlimə fərman verdiyin Qanlı Alı deyilən qaçaq mənəm. Sərdar paşa cəld Qanlı Alının əlindən silahı aldı.
Sərdar:
- Qanlı Alı, indi artıq hər şey mənə məlumdur. Sən elə düz buyurdun, mənimki səninlə qalsın sonraya. Sən yaralanmısan, bu külfəti Arpa çayına kimi sən aparmalısan, mən isə mərd igidlərə köməyə gedirəm. Ancaq onu da unutma ki, mən öz ailəmi sənə əmanət verirəm, qiyam - qiyamatda əmanətimi səndən istiyəcəm. Qanlı Alı coxlu qan itirdiyindən yenidən bihuş vəziyyətidə yerə yıxıldı.
Sərdar qanlı Alını faytonun içərisinə qoyub üstünü öz qalın kürkü ilə örtərək dedi:
- Sona xanım, çərik özünüzü Arpa çayına çatdırın.
Sona:
- Ay kişi bu zülmət qaranlıqda bizi hara qoyub gedirsən?
Sərdar:
- Sona, sən görürsən bu mərd oğullar bizdən ötəri qanlarına qəltan oldular, bəs kişilikdəndimi o oğulları meydanda tək buraxam. Adamları toparlayıb düşmənlərə qarşı vuruşmalıyam. Bu mənim borcumdu.
Sərdar:
- Ax yağı düşmən, məni silahsızmı görüb arxadan vurdunuz deyib, sazı götürüb, aldı görək bu zülmət qaranlıqda nə dedi:

Ağbaba deyəndə dolur gözlərim,
Yenə dilə gəlir qəmli sözlərim,
Yurdu itirirəm tutmur dizlərim,
Tanrı, darda qoyma bu yerdə məni!
 
Ağbaba deyəndə yada dağ düşür,
Doğma el,doğma yurd,qara-ağ düşür.
Bel dərddən əyilir, saça ağ düşür,
Tanrı, darda qoyma bu yerdə məni!
 
Ağbaba deyəndə alışır sinəm,
Gərək ki Qəribi üstündə dinəm?
Mənim bu dağlarda dağılır binəm,
Tanrı, darda qoyma bu yerdə məni!

Artıq namərdlərin səsi aydın eşıdilirdi..
- Sərdarı öldürməyin, o diri vəziyyətdə bizə lazımdı.
Sərdarın ailəsi gecə qaranlığında gözdən itdi. Sərdar isə yağılara qarşı savaşa girişdi.
Qanli Alının cəmi beş qaçaq igidi qalmışdi. Hər igid bir alaya bəs edirdi. İrəli gələn yağı süvarilərini igidlər sərrast atəşlə yerə sərirdilər.
Səhərin açılmağına az qalırdı. Meydanda bir Sərdar və bir nəfər cavan iğid oğlan qalmışdı. Hər ikisi də döyüşə - döyüşə Ziyarət dağının ətəyindəki qayalığa pənah gətirdilər.
Qayalıqda cavan oğlan qətlə yetrildi. Düşmənlər Sərdarı mühasirəyə alıb hər iki ayağını yaraladılar.

Dördüncü hissə

 

 Səhərin açılmağına az qalırdı. Meydanda bir Sərdar və bir nəfər cavan iğid oğlan qalmışdı. Hər ikisi də döyüşə - döyüşə Ziyarət dağının ətəyindəki qayalığa pənah gətirdilər.
Qayalıqda cavan oğlan qətlə yetrildi. Düşmənlər Sərdarın hər iki ayağını yaraladılar.

Sərdar yaralı vəziyyətdə qayalığın arxasına sürünməyə başladı. Qayalığın arxa tərəfi sərt uçurum idi. Sərdar sərt uçurumdan üzü aşağı diyirlənməyə başladı. Dərənin dibindəki gicitikan kolluqlarının arasına düşdü. Namərdlər qayalığı ələk- vələk etdilər, amma Sərdarı tapa bilməyib geri qayitdılar.

İndi sizə kimdən xəbər verim. Sona xanımdan.
Artıq hava açılmağa başlayırdı. Sona xanım Arpa çayına çatdı. Cəld faytondan yerə düşdü. Qanlı Alı huşsuz vəziyyətdə faytonda uzanıqlı qalmışdı.
Yazın əvvəli idi. Çayın həndəvərində və quzeylərdə qar təzə əriməyə başlayırdı. Sona belə qərara gəldi ki, birinci uşaqları, sonra isə Qanlı Alını çayın o biri tərəfinə keçırsin. Hamza və Hasanı arabadan düşürdü, bir uşaqlara, bir də çaya baxdı. Yaz başı olduğundan Arpa çayı gur axırdı. Odu ki, fikrini dəyişdi və Hasana dedi:

- Bala, sən çayın qırağında gözlə, qorxub eləmə, mən Hamzanı o biri tərəfə keçirib sonra gəlib səni aparacəm.
Sona xanim Hamzanı qucağına alıb özünü çaya vurdu.
Suyun tam ortasında birdən Hamza anasına dedi:

- Ana, hələ bir ora bax. Sona cəld geri döndü, nə görsə yaxşıdı. İlahi heç düşmənimə də belə bir müsibəti göstərmə.
Sona xanım gördü ki, körpə Hasanı bir yalquzaq qurd ağzında götürüb qaçır. Bu dəmdə Sonanın qolları boşaldı, Hamza anasının qucağından suya düşdü. Sel də Hamzanı aparıb gözdən itirdi.

Ağlaya-ağlaya kor - peşman geri qayıdan Sona çayın qırağına çatdı. Bu müsibətə dözə bilməyib aldı görək nə dedi:

Mən sənə nə deyim, ey böyük Allah,
Bəlanı bəlanın dalınca verdin.
Kasıba - kusuba cında qıymadın,
Namərdə kürk, papaq, qalınça verdin.
 
Böyüksən, qadirsən, pənahsan bizə,
Bəs niyə mərdləri gətirdin dizə?
Ellərim dağılıb, kim buna dözə,
Niyə boynumuzu qılınca verdin?
 
Tufağım dağıldı, mən təkcə qaldım,
İndi sail olub betər dərd aldım.
Əvvəl gül kimiydim, soldum, saraldım,
Bu dərdi Sonaya ölüncə verdin.

Söz tamama yetdi. Sona xanım güclə özünü ələ alıb faytona yaxınlaşdı. Gördü ki lələ köçüb yurdu qalıb. Qanlı Alı da yoxa çıxıb.

Bu dəmdə Sona xanım təkrar aldı görək nə dedi:

Hayana baxıram bir kimsəm yoxdu,
Qaçma mərd qardaşım, ər meydanıdı.
Bizi yaradanın kərəmi çoxdu,
Qaçma mərd qardaşım, ər meydanıdı.
 
Aranım ooy, dağım ooy?
Bostanım ooy, bağım ooy?
Yadlara qismət olan,
Daşım ooy, torpağım ooy?
 
Hamzamı əlimdən bu sellər aldı,
Körpə Hasanımı xırxız qurd çaldı,
Gəlmədi Sərdarım, bəs harda qaldı?
Qaçma mərd qardaşım, ər meydanıdı.
 
Eşmə çox,
Çay yanında çeşmə çox.
Qəm dağları var məndə,
Təbib, yaram eşmə çox.
 
Zalım fələk atdı məni zindana,
Könül sarayımı qoydu virana.
İndi əlim çatmır, dağa, arana,
Qaçma mərd qardaşım, ər meydanıdı.
 
Yaram azdı,
Kim deyər yaram azdı.
Fələkdən şəfa dilədim,
Qorxudan yaram azdı.

Sən demə qurd Hasanı aparan zaman Qanlı Alı bu vəziyyəti görübmüş. Yaraqsız, yasaqsız qalan Qanlı Alı kolluqlar içində qurdun dalınca çayın qırağına tərəf sürünməyə başladı , artıq iş - işdən keçdiyini görüb, Sonanın səsinə tərəf gəlməyə başladı.
Qanlı Alı:
- Ay xanım, ağlama, Allah kərimdi, mən Hasanı qurdun əlindən ala bilmədim, bəs Hamza hanı, Sərdar gəlib çıxmadımı!
Sona xanım:
- Ay evi yıxılmış, Sərdar gəlmədi, üstəlik də uşağın birini qurd, birini də sel apardı.
Sona xanım ah - şüvən eləməyə başladı. Qanlı Alı o qədər qan itirmişdi ki, rəngi ağappaq olmuşdu.
Qanlı Alı:
- Ağlama ay bacı, Allah kərimdi.
Sona xanım isə dilləndi:
- Artıq mənim bir kimsəm qalmadı. Gedirəm özümü çaya atıb öldürəm.
Bu sözləri eşidən qanlı Alı Sonanın qollarından bərk-bərk yapışdı.
-Səni heç yerə buraxa bilmərəm. Sən mənim qiyam-qiyamata kimi əmanətimsən. O vaxt əlimdən çıxa bilərsən ki, mənim ruhum bədənimdən çıxmış olsun.
Bu zaman Osmanın oğlu Səlim ağa qoç igidlər ilə birlikdə faytonu dövrəyə aldılar. Ancaq nə faydası. Səlim ağa Sona xanıma bildirdi ki, biz bu dəqiqə uşaqları da, Sərdarı da tapıb gətirəcəyik, sən geri, Gümrüyə qayıt.
Səlim ağa:
- Mən gərək yağı düşmənlərə o qədər qılınc çəkəm ki, qan atın üzəngisinə dəysin. Ancaq Sona bununla razılaşmadı. Mənim uşaqlarım tapılmayınca bu çayın başından heç yerə gedən deyiləm. Sonanı birtəhər razı salıb Arpa çayın qırağındaki Qızıl Çaxçax köyünə gətirdilər.
Həmin gün yağılarla qızğın döyüşlərdə Səlim ağa öldürüldü. Onun cənazəsini Qarsa apardılar. Qızıl Çaxçax köyündə Sona xanıma məlum oldu ki, onun Nağdəli bəydən başqa bir kimsəsi qalmayıb.
Deyilənə görə, bu faciəli hadisədən bir həftə keçməmiş Gümrü şəhrində möhkəm zəlzələ oldu. Gümrü şəhri yerlə yeksan oldu. Bu azmış kimi, düşmən qoşunları Gümrü şəhrini tapdaq altında qoydular.
Sonanın aqibəti isə Qızıl Çaxçax kəndində ah-vay ilə keçirdi. Bir yandan da Gümrünün dağılması demək olar ki, onun tamam qol-qanadını sındırmışdı. Bütün dostları, qohumları, tanışlarının hamısı zəlzələdə ölmüşdü. Gümrü şəhəri yerlə yeksan olmuşdu.
Aradan günlər, aylar keçdi nə Sərdardan, nə də ki, uşaqlardan bir xəbər çıxmadı.
İndi görək Sərdar paşanın başına nələr gəldi.
Bu işlərdən xəbərsiz qalan Sərdar qayadan yıxıldıqdan sonra gicitikan kolluqlarının arasında huşsuz vəziyyətdə qalmışdı. Səlimin ordusu ilə düşmən qoşunları arasında qanlı döyüşlər olmuşdu. Hər iki tətəfdən ölən və yaralananların sayı - hesabı yox idi.
Bir həftəyə qədər kolluqda huşsuz vəziyyətində qalan Sərdarı Canbaz yaylasına gedən çobanlar tapdı, və özləri ilə Sərdarı Cambaz yaylasına apardılar. Amma cobanlar bu kişinin Gümrünün paşası olmasını bilmədilər.
Altı aya qədər Sərdarın yarası və sınıxları tam sağaldı.
Canbaz yaylasında Sərdara məlum oldu ki, Gümrü şəhəri zəlzələ nəticəsində yerlə yeksan olub və bu azmış kimi yağı qoşunları bu fürsətdən istifadə edib, Gümrü və ətraf mahalları zəbt ediblər. Gümrünün paşası isə ailəsi ilə birlikdə Ağbaba mahalında yağılar tərəfindən qətlə yetirilib.
Beləliklə, Sərdar çobanlarla sağollaşıb, düşdü yolların ağına. İndi nə qədər yol getdi, bunun burasını bir Allah bilir!
Bəli, bu gəlhagəl ilə gəib şıxdı Mosul şəhərinə.
Vaxtı ilə Gümrünün paşası olan, indi isə sail olub səhraları gəzən
Sərdar aldı görək bu yerdə nə dedi:

El içində haqqı zay olan canım,
Fələyin cəbrinə gəl sən döz indi.
Məcnuna, Kərəmə tay olan canım,
Səhralarda məlul - məlul gəz indi.
 
Bilmirəm mən hara, buralar hara?
Bu fələk zalımdı, mənsə biçara.
Bilirəm, dərdimə bulunmaz çara.
Qan ağlayır dərə, təpə, düz indi.
 
Anam yoxdu, oğul deyib ağlasın,
Atam yoxdu, yaralarım bağlasın,
Yarım yoxdu, sinə başı dağlasın,
Yetim Sərdar, öz qəbrini qaz indi.

Bütün camaat Mosulun mərkəzi meydanına yığışmışdı. Üst - başı pis vəziyyətdə olan Sərdar camaata qarışdı.
Sərdar: - Ay qardaşlar, burada nə baş verib ki, camaat meydana yığılıb?
Məlum olur ki, bu mahalın sərdarı ölüb, bütün mahal bura sərdar seçməyə yığılıb.
Bu dəmdə üc ağsaqqal kişi Sərdarın başının üstünü aldı. Ağsaqqallardan biri dilləndi:
- Bala üç gündü ki, sənin yolunu gözləməkdən gözümüzün kökü saraldı, bizə ərş - əladan buyruq gəlib ki, bu mahalın sərdarı sən olmalısan.
Sərdar:
- Siz nə danışırsınız? Mən fəqirin, yoxsulun biriyəm, mən hara, sərdarlıq hara, siz kimlərnənsə məni səhv salırsınız.
Sərdar belə danışanda ağsaqqallar bir - birinin üzünə baxdılar, buradan xeyli aralaşıb bir - birinə qaş - göz ilə nə isə qandırdılar.
Amma həmin üç nəfər yenə Sərdara tərəf gəldilər.
Yenə həmin ağsaqqal nurani kişi dilləndi:
- İgid, kasıblıq və fəqirlik insanlar üçün eyib deyil, biz axtar-dığımız adamın bütün nişanələri sənə uyğun gəlir və həmin adamın sağ əlinin içində aypara şəkildə xalı var, bir sağ əlini aç bizə göstər. Sərdar əlini açanda öz ğözlərinə inana bilmədi. O öz əlinin içində aypara şəkilli xal gördü və qəhərdən udğunmağa başladı. Çünki əvvəllər Sərdarın əlində belə bir xal olmayıb.
Hər üç nurani ağsaqqal Sərdarın qolundan tutaraq, onu bir qədər zor – xoşla meydanın ortasına aparıb carçıya car çəkdirdilər.
Ay camaat, bu gündən Mosulun yeni sərdarı seçildi. Yeni sərdar bu meydanda duran şəxsdir.
Bu sözlər Sərdara yuxu kimi gəldi, amma bu bir həqiqət idi.
Hə, əzizlərim, görək indi Sərdarın övladları, Hamza və Hasanın aqibəti necə oldu?
Səhər tezdən qurd Hasanı götürüb qaçan zaman arandan dağa gələn çobanlara rast oldu. Çobanlar uşağı yalquzaq qurdun ağzından alıb, özləri ilə birlikdə Ota yaylasına apardılar.
Hamzanı isə Arpa çayı gətirib Şərilə qədər çıxartdı. Taxıl dəyirmanını işlədən Qasım kişi Hamzanı Arpa çayında bir parça kötüyün üstündə tapdı. Qasım yaşlı bir sonsuz kişi idi. Ona görə də Hamzanı Allah göndərib, deyib onu öz oğlu kimi böyütməyə başladı.
Sona xanımın başına görünməmiş müsibətlər gəldi.
Sən demə Sona xanım Sərdar paşadan hamilə imiş. Sona xanım Qızıl Çaxçax kəndində bir qız uşağı dünyaya gətirdi və adını Leyla qoydular.
Artıq bir il tamam oldu, nə uşaqlardan, nə də ki Sərdardan bir xəbər çıxmadı. Bir yandan da qohum- əqrabası, dostları, tanışları, onları tanıyanlar və tanımayanlar Gümrü zəlzələsində həyatdan köçmüşdülər. Gümrü şəhri tamam yerlə yeksan olmuşdu.
Hər yerdən əli üzülən Sona xanım qanlı Alının təhkidi ilə İstanbulun yaxınlığındakı Dəyirman köyünə gəlib çıxdı.
Əslən Dəyirman köyündən olan qanlı Alı, Sona xanım və onun bir yaşlı qizi Leylanı öz doğma evinə gətirdi. Özünün və Sona xanımın başına gələn bütün bu müsibətləri arvadı Nazdı xanıma və yaxınlarına danışdı..
Beləliklə, Sona xanım bu mahalda namus və qeyrətlə, “balalarım” deyə - deyə, qəm – kədər içində yaşamağa başladı.

Beşinci hissə

 

Anahtar Kelimeler : Gümrü,şəhərinin,çiçəklənən,dövrləri,idi.,Ədalətli,Gümrü,sərdarı,ölkədə,qayda-qanunu,bərpa,etmiş,və,özbaşınalığa,son,qoyulmuşdu.,Daha,yolları,kəsib,x..

Pinterest Google News Sitesinde Takip Et Facebook Sayfamızı Takip Et Google Play Kitaplar